11.09.2017

Biləsuvar rayonunda təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirildi

    Biləsuvar rayonunda təhsil işçilərinin sentyabr konfransı çox maraqla qarşılandı. Konfransda Təhsil Nazirliyinin nümayəndəsi Rövşən Ağayev, 13 saylı ƏMHM-nin müdir müavini Elmar müəllim, İcra Hakimiyyəti başçısının müavini Xanlar Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri və rayonun təhsil işçiləri iştirak etdilər. 

      Konfransdan öncə Ümummilli lider, dahi şəxsiyyət Heydər Əliyevin heykəli önünə tər çiçəklər qoyularaq onun xatirəsi hörmətlə yad edildi.

    Konfransı giriş sözü ilə açan Biləsuvar Rayon Təhsil Şöbəsinin müdiri Balqardaş Kazımov təhsil sahəsində 2016-2017-ci il tədris ilində görülən işlərdən, cənab Prezident İlham Əliyevin Ümummilli lider Heydər Əliyev dühasından güc alaraq təhsilə qayğısından irəli gələn müasir yeniliklərdən və onun tapşırığının Rayon İcra Hakimiyyətinin başçısı cənab Mahir Quliyev tərəfindən layiqincə Biləsuvarda yerinə yetirildiyindən danışdı. Məruzədə həmçinin qeyd edildi ki, ötən tədris ilində yeni məktəblərin tikilib istifadəyə verilməsi, tədris keyfiyyətinin inkişaf etmiş və bunun nəticəsidir ki, qəbul imtahanlarında şagirdlərimiz yüksək nəticə göstərərək müxtəlif nüfuzlu ali təhsil müəssisələrinə qəbul olunmuşlar.

    Məruzə ətrafında çıxışlar səsləndirdildi. Təhsil Nazirliyinin nümayəndəsi Rövşən Ağayev, İcra Hakimiyyəti başçısının müavini Xanlar Məmmədov, Ağayrı kənd tam orta məktəbin gənc direktoru Bəhruz Nəbili və başqaları çıxışlarında cənab Prezidentin hər sahəyə göstərmiş olduğu diqqətlə yanaşı, təhsil sahəsinə də qayğısından danışdılar.

    Biləsuvar Rayon Təhsil Şöbəsinin əməkdaşı Elşən Ağazadə tərəfindən təhsil işçilərinin cənab Prezidentə müraciəti səsləndirildi. Müraciət təntənəli surətdə konfrans iştirakçıları tərəfindən qəbul edildi.


Açar sözlər: ,  ,