02.11.2017

 "Biləsuvar rayonu üzrə 9-cu sinif şagirdlərinin buraxılış imtahanlarının nəticələrinin yüksəldilməsi" layihəsinin rəsmi açılış mərasimi olub

    Oktyabrın 28-də “Təhsildə inkisaf və innovasiyalar uzrə 1-ci qrant musabiqəsi”nin fərdi kateqoriya üzrə qalibi olmuş “Biləsuvar rayonu üzrə 9-cu sinif şagirdlərinin buraxılış imtahanlarının nəticələrinin yüksəldilməsi” layihəsinin rəsmi açılış mərasimi olub.

    Tədbirdə layihənin rəhbəri Elvina Hüseynova çıxış edərək layihənin əsas məqsədi və vəzifələri barədə tədbir iştirakçılarına məlumat verib. O qeyd edib ki, layihənin əsas məqsədi Biləsuvar rayonunun 9-cu sinif buraxılış imtahanlarının nəticəsinə görə bir sıra parametrlər üzrə 36 məktəb arasında son pillələrdə qərarlaşmış məktəblərinin 2018-ci il buraxılış imtahanlarında nəticələrinin yüksəldilməsinə yardımçı olmaqdır. Bunun üçün layihə vəzifələrinə uyğun olaraq həmin məktəblərdə 9-cu siniflərə dərs deyən riyaziyyat, Azərbaycan dili və ədəbiyyat müəllimləri, şagirdlər, məktəb rəhbərliyi və valideynlər ilə görüşlərin təşkili, həmçinin sınaq imtahanları təşkil edərək sonda nəticələrin müqayisəsini apararaq təhlillər etmək nəzərdə tutulub.

    Sonra layihədə ekspert qismində çıxış edən təhsil meneceri Hüseyn Hüseynov tədbir iştirakçılarını Təhsil Nazirlyinin məktəblərin son 2 ili əhatə edən statistik göstəriciləri ilə tanış edib, bu göstəricilərlə bağlı məktəb nümayəndələrinin suallarını cavalandırıb. 

    Qeyd edək ki, layihə çərçivəsində ilkin olaraq açılışdan əvvəl Biləsuvar rayon Təhsil Şöbəsinin Müdiri və inspektorları ilə görüş keçirilərək Təhsil Nazıriliyinin 2015-16-cı və 2016-17-ci tədris illərinə uyğun olaraq statistikaya əsasən Biləsuvar rayonunun 36 məktəb arasında nəticələrə görə aşağı pillələrdə qərarlaşmış 6 məktəbi müəyyən edilib. Daha sonra isə Biləsuvar rayon Təhsil Şöbəsinin inspektorları tərəfindən seçilmiş məktəblərə layihədə iştirak edəcəkləri barədə məlumat verilib. 

    “Biləsuvar rayonu üzrə 9-cu sinif şagirdlərinin buraxılış imtahanlarının nəticələrinin yüksəldilməsi” layihəsinin aşağıdakı mərhələlər üzrə həyata keeçirilməsi nəzərdə tutulub:

  • Könüllülük əsasında Azərbaycan dili və riyaziyyat fənn müəllimlərindən ibarət idarə heyətinin yaradılması, şagirdlərlə tanışlıq və şagirdlərin layihəyə cəlb edilmiş ekspertlə görüşlərinin təşkili;
  • Dəyirmi stollar təşkil etməklə buraxılış imtahanları ilə bağlı yeni qaydalar barədə fənn müəllimləri və şagirdlərə məlumatın çatdırılması;
  • Sınaq imtahanlarının keçirilməsi;
  • Sınaq imtahanlarının nəticələrinin yığılması şagirdlərlə birgə təhlili;
  • Sınaq imtahanlarından sonra şagirdlər, valideynləri və məktəb rəhbərliyinin birgə görüşü üçün “Açıq qapı” gününün təşkili.

    Fərdi kateqoriyada Elvina Hüseynovanın rəhbərliyi ilə qalib olmuş layihənin icra müddəti 3 aydır.

    Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi Azərbaycan Respublikası Təhsil Naziriyi tərəfindən dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 78 layihədən 37-si, fərdi kateqoriya üzrə isə 213 layihədən 83-ü olmaqla ümumilikdə 120 layihə qalib elan edilib. 


Açar sözlər: