22.04.2022

"Məktəb liderliyi" proqramına start verilir  

Azərbaycan Respublikasının Təhsil Nazirliyi Azərbaycan Dövlət Pedaqoji Universitetinin Strateji inkişaf mərkəzi ilə birgə gələcəkdə dövlət ümumi təhsil müəssisələrində direktor vəzifəsində çalışmaq arzusunda olan pedaqoji kadrlar üçün “Məktəb liderliyi proqramı”na sənəd qəbulu elan edir.

Proqram müasir çağırışlara cavab verən məktəb liderlərinin hazırlanmasını hədəfləyir. Proqramda iştirak ödənişsizdir.

 İştirakçılara verilən tələblər:

5 ildən az olmayaraq ümumtəhsil müəssisələrində pedaqoji stajı olan ali təhsilli şəxslər proqrama müraciət edə bilərlər.

İştirakçıların seçimi:

Proqramda iştirakçı seçimi üç mərhələdə həyata keçirilir: elektron sənəd qəbulu, test imtahanı və müsahibə. Hər üç mərhələni uğurla keçən şəxslər proqramda iştirak hüququ qazanırlar. Test imtahanı mərhələsində namizədlərin tənqidi oxu, riyazi-məntiqi və yazı bacarıqları dəyərləndiriləcək.

Proqramda 50 nəfər namizədin iştirakı nəzərdə tutulur.

 Proqramda iştirak etmək istəyən şəxslər 01 may 2022-ci il tarixinə qədər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər.

 Qeydiyyat üçün link:

https://forms.gle/sJFBtxYezrrGsgWy5

Məlumat üçün bildirək ki, proqram 5 modul üzrə 145 saatı əhatə edir:

I Modul: Məktəbin idarə olunması və liderlik

II Modul: Tədrisin təşkili və idarə edilməsi

III Modul: Təhsildə qiymətləndirmə

IV Modul: Məktəbdə heyətin idarə edilməsi

V Modul: Məktəbdə ünsiyyətin təşkili və idarə edilməsi

Proqramın müddəti:

Təlimlər həftədə iki dəfə (cümə və şənbə günləri) əyani olmaqla 3 ay müddəti əhatə edəcək.

Əlavə suallar üçün mekteb.idarechileri@adpu.edu.az ünvanına yaza bilərsiniz.


Açar sözlər: ,  ,